1 İyul 2022 13:05
1 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya-Herseqovinanın Serb Muxtar Respublikasının prezidenti Jelka Çviyanoviç İngiltərənin ölkəsinə hərbi mütəxəssislər göndərmək qərarına etiraz edib.

Teleqraf.com xəbər verir ki, İngiltərənin Rusiya qarşı atdığı addıma reaksiya verən Çviyanoviç bu kimi məsələlərlə əlaqədar ölkənin seçilmiş nümayəndələrinin qərar verməli olduğunu deyib.

“Son 30 ildə Bosniya-Herseqovinaya göndərilən hərbi mütəxəssislərdən yaxşı heç nə görməmişik. Bizi həmişə mütəxəssis göndərdikləri və mikro həll yolları tapmağa çalışdıqları “təcrübə vasitəsi” kimi görürlər”, - Çviyanoviç bildirb.

Ölkəsinin təkbaşına qərar qəbul etməyə qadir olduğunu deyən Jelka Çviyanoviç əcnəbi mütəxəssislərin Bosniya-Hersoqovinaya həll yolu gətirməyəcəyini söyləyib.

İngiltərə Rusiyanın təsirinə qarşı Bosniya-Herseqovinada NATO missiyasını gücləndirmək və bu ölkədə sabitlik və təhlükəsizliyin təşviqi üçün iki hərbi mütəxəssis göndərəcəyini açıqlayıb. Mütəxəssislərin Bosniya-Herseqovina Silahlı Qüvvələri və NATO ilə birlikdə ölkədə sülh və təhlükəsizliyin qorunması üçün çalışacağı bildirilib.

İngiltərə baş nazirinin ofisindən verilən açıqlamada qeyd olunub ki, Bosniya-Herseqovina hazırda müharibədən sonrakı dövrdə ən böyük ekzistensial təhlükə ilə üz-üzədir və separatçı liderlər parçalanma və münaqişə yaratmaq üçün fəal şəkildə çalışırlar.

Açıqlamada həmçinin Bosniya-Herseqovinanın həm daxildə, həm də xaricdə kiber hücumlara qarşı müdafiəsini gücləndirmək üçün Sarayevo Universiteti nəzdində kibertəhlükəsizlik mərkəzinin yaradılmasına maddi dəstəyin veriləcəyi deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu