1 İyul 17:11
283
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ukraynalı həmkarı Dmitri Kuleba arasında ikitərəfli əlaqələr və beynəlxalq hadisələrlə bağlı telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, iyunun 29-da İran Prezidenti İbrahim Rəisi ilə Rusiya lideri Vladimir Putin arasında keçirilən görüşə toxunan Abdullahiyan ölkəsinin Ukraynadakı müharibəyə qarşı mövqeyini və savaşdan yayınmağın zəruriliyini bir daha təkrarladığını bildirib.

O, İranın müharibənin dayandırılması üçün diplomatik həll yoluna töhfə verməyə hazır olduğunu deyib:

“Böhranın köklərinə diqqət çəkərkən, əvvəldən müharibəyə əl atmağın əleyhinə olduğumuzu və bunun problemlərin həlli üçün uyğun üsul olaraq görmədiyimizi bəyan etmişik”.

Abdullahiyan İran və Ukrayna arasında əlaqələrin daim dostluq, hörmət, qarşılıqlı maraq və əməkdaşlıq çərçivəsində davam etdirildiyini iddia edib:

“Qara dənizdə taxıl dəhlizinin açılması ilə bağlı razılaşmaya töhfə verməyə hazırıq”.

Kuleba isə ölkəsinə qarşı müharibəyə qarşı çıxdığına görə İrana təşəkkür edib və Kiyevin savaşı dayandırmaq üçün hər cür yardım və siyasi dəstəyi almağa hazır olduğunu söyləyib.

Taxıl və kənd təsərrüfatı da daxil olmaqla, ikitərəfli əlaqələri genişləndirməyə hazır olduqlarını bildirən Kuleba Tehran və Kiyev arasında konstruktiv münasibətlərin inkişafı üçün dialoqun davam etdirilməsinin vacibliyini onun diqqətinə çatdırıb.

Kuleba Rusiya ilə mümkün danışıqlar üçün şərtlərin çətin olduğunu bildirib.

Görüşün sonunda Ukrayna xarici işlər naziri həmkarını Kiyevə, Abdullahiyan isə Kulebanı Tehrana dəvət edib.


Müəllif: Mənsur Rəğbətoğlu