4 İyul 2022 11:41
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Baş naziri Maqdalena Andersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 73 terrorçunun Ankaraya ekstradisiya ediləcəyi açıqlamasını təkzib etməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, jurnalistlərə açıqlama verən Andersson Türkiyənin YPG/PKK terror təşkilatının bu ölkədəki üzvlərinin ekstradisiyası tələbi alacağı təqdirdə İsveçin müvafiq orqanlarının vəziyyəti beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirəcəyini bildirib.

Andersson İsveç və Finlandiyanın NATO-ya namizədliyinə Türkiyənin vetosunun aradan qaldırılması ilə bağlı Ankara qarşısında götürülən öhdəliklərlə əlaqədar jurnalistlərin israrlı suallarını cavabsız qoyub, bu isə ictimai reaksiyaya səbəb olub.

“İsveç milli və beynəlxalq qanunlara hörmət etməyə davam edəcək, heç bir İsveç vətəndaşı ekstradisiya edilməyəcək, qərar müstəqil orqanlar və məhkəmələr tərəfindən veriləcək. Əgər terror fəaliyyətində iştirak etmirsinizsə, narahat olacaq bir şeyiniz yoxdur”, - baş nazir deyib.

Prezident Ərdoğan keçən həftə keçirilən NATO sammitində İsveçin Türkiyəyə 73 terrorçunu ekstradisiya edəcəyini açıqlayıb. Türkiyə lideri vədlərə əməl edilməyəcəyi təqdirdə İsveç və Finlandiyanın NATO üzvlüyünün parlamentdə ratifikasiya olunmayacağı ilə bağlı xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu