4 İyul 19:13
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya hərbi yardımı artırıb. Vaşinqton Fransa və Almaniyadan fərqli olaraq, Rusiya-Ukrayna müharibəsinin nə yolla olur-olsun bitməsini istəmir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində bildirilib.

Məqalədə qeyd edilib ki, Vaşinqton növbəti mərhələdə Rusiyanın məğlubiyyətini təmin etməyə çalışacaq, bunun üçün isə Ukrayna ordusuna yeni hərbi texnika verilməli və işğalçıya qarşı həmlələrin sayı artırılmalıdır:

“Təbii ki, Kreml də boş dayanmayıb və Ukraynada məğlub olmamaq üçün bütün resurslarını səfərbər edib.

Amerikanın “The National Interest” dərgisində ABŞ-ın Rusiya Prezidenti Vladimir Putinin yeni “sürprizlərinə” hazır olmasıyla bağlı analitik yazı dərc olunub. Məqalədə ABŞ-ın 2017-ci ildən başlayaraq Rusiya və Çinə qarşı mübarizədə milli təhlükəsizlik strategiyası hazırladığı və həyata keçirdiyi yazılıb. Amerikalı analitiklər məhz bu strategiya çərçivəsində hadisələrin sonrakı inkişafını proqnozlaşdırmağa çalışırlar.

“The National Interest” dərgisindəki məqalədə Vaşinqtonun Rusiya və Çinə qarşı strategiyasında iki ciddi problemin olduğu vurğulanıb. Birinci problem strategiyada Rusiya ilə Çin arasında fərqin göstərilməməsidir. Rusiya və Çin bir-biri ilə strateji tərəfdaş olsalar da, iki fərqli dövlətdir. Vaşinqton bu fərqdən hələ ki, istifadə edə bilmir.

İkinci problem ABŞ-ın milli təhlükəsizlik strategiyası Rusiya və Çinlə mübarizə üzərində formalaşıb, digər təhlükələr barədə ciddi araşdırmalar aparılmayıb. Məsələn, koronovirus pandemiyası iki il ərzində Amerikanın əsas probleminə çevrilib, ən çox insan bu xəstəlikdən məhz bu ölkədə vəfat edib. Bundan çıxış edən bəzi amerikalı analitiklər milli təhlükəsizlik strategiyasını korrektə edilməsini, yeni alyansların qurulmasına diqqətin ayrılmasına önəm verirlər. Analitiklər hesab edirlər ki, ABŞ Rusiya və Çinlə eyni zamanda mübarizə aparmaq əvəzinə, bu iki dövləti bir-birindən ayıran – uzaqlaşdıran siyasətə üstünlük verməlidir”.

Təhlildə bildirilib ki, Vaşinqton “soyuq müharibə” illərində məhz bu siyasətə üstünlük verir, keçmiş SSRİ ilə mübarizə apararkən Çinlə normal münasibətlər qurmuş, bu yolla Pekinin Moskva ilə yaxınlaşmasının qarşısını almışdı:

“Hazırda Vaşinqton bu siyasətdən uzaqlaşıb və bu durum Pekinlə Moskvanın yaxınlaşmasına səbəb olub.

Çin Qərbin sərt sanksiyaları üzləşən Kremlin əsas ümididir. Ona görə də Kreml Çinlə ittifaqın pozulmaması üçün Vaşinqtonun planlarına qarşı mübarizəsini daha da gücləndirəcək və “The National Interest”in “Vaşinqton Rusiyanın sürprizlərinə hazır olmalıdır” yazdıqda məhz bunu nəzərdə tutub”.


Müəllif: Mənsur Rəğbətoğlu