4 İyul 2022 13:05
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lisiçanskın ələ keçirilməsindən sonra Rusiya bütün diqqətini Donetsk bölgəsinə çevirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, Ukrayna qüvvələri hazırlanmış müdafiə mövqelərinə çəkilərək Lisiçanski tərk edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Lisiçanskın mühasirəsini başa çatdırdığını və şəhərə tam nəzarəti bərqərar etdiyini açıqlamışdı.

Luqansk vilayətində şəhər və onun ətrafında döyüşlər son bir həftə ərzində intensivləşib və rus qoşunları inamla irəliləyir.

“Şəhər Luqansk vilayətinin Ukraynanın nəzarətində olan sonuncu böyük yaşayış məntəqəsi idi. İndi Rusiyanın diqqəti demək olar ki, böyük hissəsi Ukrayna qüvvələrinin nəzarəti altında qalan Donetsk vilayətinin ələ keçirilməsinə yönələcək”, - hesabatda deyilir.

Britaniya Müdafiə Nazirliyi əlavə edib ki, Donbas uğrunda döyüş şiddətli, yorucu olub və bunun yaxın həftələrdə dəyişməsi mümkün deyil.

İyulun 3-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb ki, Lisiçansk uğrunda gedən ağır döyüşlərdən sonra Ukrayna Müdafiə Qüvvələri öz mövqelərindən və xətlərindən geri çəkilməyə məcbur olub. Onlar izah ediblər ki, rus işğalçılarının artilleriya, aviasiya, raket atış sistemləri, döyüş sursatları və şəxsi heyətin sayında üstünlükləri şəraitində şəhərin sonrakı müdafiəsi ölümcül nəticələrə gətirib çıxarardı.


Müəllif: Nemət