5 İyul 2022 01:14
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya kralı II Abdullah Yaxın Şərqdə NATO-ya bənzər hərbi ittifaqın qurulacağı təqdirdə bunu dəstəkləyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə ABŞ-ın CNBC telekanalına müsahibəsində danışıb.

“Yaxın Şərq NATO-su”nu dəstəkləyən ilk insanlardan biri olacağam. Hamımız bir araya gəlib, bir-birimizə necə kömək edə biləcəyimizi müzakirə edirik. Məncə, bu, region üçün çox qeyri-adi haldır”, - Abdullah deyib.

“Ərəb NATO-su”nun yaradılması ilə bağlı fikirlər digər yerlərdən də gəlib. İordaniya kralından əvvəl İsrail müdafiə naziri Benni Qantz da Təl-Əvivin ABŞ-ın rəhbərliyi ilə yaradılan “Yaxın Şərq Hava Hücumundan Müdafiə Alyansı” adlı birləşməyə qoşulduğunu açıqlayıb. Qantz bu formasiyada başqa hansı ölkələrin olduğu barədə məlumat verməyib.

“Wall Street Journal” (WSJ) isə İsrail, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Misir, BƏƏ və Bəhreynin hərbi rəsmilərinin müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək üçün Qahirədə gizli görüşlər keçirdiklərini yazıb.

Ekspertlər bildirirlər ki, mümkün müdafiə ittifaqında İsraillə diplomatik əlaqələri olan dövlətlər də iştirak edə bilər. Bura BƏƏ, Bəhreyn, Sudan və Mərakeş, həmçinin İsraillə artıq diplomatik əlaqələri olan İordaniya və Misir daxildir. Səudiyyə Ərəbistanı, Oman, Qətər və Küveyt də alyansda rol oynaya bilər. Mümkün müttəfiqlik razılaşmasının vasitəçisi olacağı gözlənilən ABŞ, təbii ki, formalaşmada öz yerini tutacaq.

Sözügedən ölkələrlə əlaqələri o qədər də hamar olmayan İran və bölgədə maraqları olan Rusiyanın buna hansı reaksiyanı verəcəyi də müzakirə mövzusudur.


Müəllif: Mənsur Rəğbətoğlu