5 İyul 2022 12:36
1 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə iyulun 1-də Qara dəniz limanı Karasu yaxınlığında lövbər salan Rusiyanın “Jibek jolı” yük gəmisindəki taxılla bağlı araşdırmalara başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” Türkiyənin rəsmi mənbələrinə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, gəmi hazırda Karasu limanındadır, Türkiyə yükün mənşəyi və trayektoriyasını öyrənənə qədər orada qalacaq. Eyni zamanda agentliyin həmsöhbətlərindən biri deyib ki, Ankara quru yük gəmisi ətrafında yaranmış vəziyyətə ehtiyatla yanaşır, çünki o, Moskva ilə Kiyev arasında taxılın ixracı üçün təhlükəsiz dəhlizin yaradılması üzrə danışıqlarda vasitəçi kimi çıxış edir. O, həmçinin qeyd edib ki, Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə taxıl probleminə həsr olunmuş görüş gələn həftə keçirilə bilər.

Ukraynanın Ankaradakı səfiri Vasili Bodnarın sözlərinə görə, Rusiya bayrağı altında üzən “Jibek jolı” Ukrayna taxılını daşıdığına inanan Kiyevin tələbi ilə Türkiyədə saxlanılıb.

Ukrayna tərəfinin məlumatına görə, gəmi Zaporoje vilayətinin işğal edilmiş ərazilərində yerləşən Berdyanskdan çıxıb.

Rusiyanın Ankaradakı səfirliyi bildirib ki, Türkiyə gəminin saxlanması ilə bağlı diplomatik nümayəndəliyə rəsmi məlumat verməyib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə dünən deyib ki, “Jibek jolı”nın göyərtəsindəki taxıl Tallinlə Ankara arasında müqavilə əsasında gəmiyə yüklənib.


Müəllif: Mənsur Rəğbətoğlu