5 İyul 12:49
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük Yeddilər”in ötən həftə Almaniyada gerçəkləşən toplantısında əsas müzakirə mövzusu Rusiya idi. “Böyük Yeddilər” Rusiyaya qarşı sanksiyaların sərtləşməsi barədə fikir mübadiləsi apardı. Ancaq hələ ki, Qərb dövlətlərinin ortaq qərarları Rusiyanı dayandırmır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində bildirilib.

Məqalədə qeyd edilib ki, G-7 Rusiya ilə Çin arasında tərəfdaşlıq münasibətlərindən də narahatdır:

“Təsadüfi deyil ki, “Böyük Yeddilər” Pekinin Kremlin siyasətinə təsir etməsini istəyib. Onların məntiqinə görə, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dayandırmaq üçün Kremlə təzyiq etməlidir. Bunun reallaşması mümkün deyil. Əksinə, Pekin Rusiya-Ukrayna müharibəsinə görə Qərbi ittiham etməkdə maraqlıdır.

“Böyük Yeddilər” bir tərəfdən Pekini yola gətirməyə çalışırlar, digər tərəfdən NATO-nun yeni konsepsiyasında Çin təhlükələrdən biri kimi dəyərləndirilib. Pekin NATO-nun bu dəyərləndirməsini “təxribatçı” adlandırıb. Pekin hesab edir ki, NATO “soyuq müharibə” dövründəki baxışlarını davam etdirir. Pekin NATO-nun Avropanı qarışdırdığını, indi isə hədəf kimi Asiya qitəsini seçdiyini bildirib.

Bu arada, Kreml “Böyük Yeddilər”ə qarşı BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) sıralarını genişlədirməyə qərar verib. Rusiya Xarici İşlər naziri Sergey Lavrov artıq genişlənmə prosesinə start verildiyini bildirib.

Lavrov növbəti iki ölkənin adını da çəkib: “Argentina və İran layiqli namizədlərdir”.

İran BRİKS-ə üzv olmaq üçün müraciət göndərib. Argentinanın da Braziliyanın ardınca təşkilata qoşulmaq istəyi var”.

Təhlildə Rusiyanın hədəflərinə də diqqət çəkilib:

“Rusiyanın məqsədi aydındır. Kreml BRİKS-i genişləndirmək yolu ilə ətrafında Qərbə qarşı siyasi blok formalaşdırmağa çalışır. BRİKS ölkələri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmirlər. Buna baxmayaraq, BRİKS üzvlərinin Rusiya ilə əməkdaşlıqlarını davam etdirmələri və Kremllə təmaslarını davam etdirməsi də Prezident Vladimir Putin üçün vacibdir. Kreml BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə ABŞ əleyhinə çoxqütblü dünya formalaşdırmağa çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu