6 İyul 2022 09:14
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Slavyansk, Baxmut və Siverskə hücuma hazırlaşır. Bununla belə, Ukrayna Silahlı Qüvvələri rusların hücumlarını dəf edir və müəyyən uğurlara da imza atıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

“Rusiya qüvvələri bu əraziləri ələ keçirə biləcəkləri şərait formalaşdırmaq istəyirlər. Lisıçanskın alınmasından sonra Donetsk vilayətinin üç şəhəri Rusiyanın hədəfinə çevrilib: Baxmut, Siversk və Slavyansk. İndi ruslar içəri girməyə cəhd edirlər, Lisıçanskdan Siverskə doğru uğurlu irəliləyiş təmin etməyə çalışırlar”, - məlumatda deyilib.

Baxmutu ələ keçirməyə çalışan ruslar iki istiqamətdən hücuma keçib. Qoşunlar Novoluqanske kəndinə soxulub, Zaitseve və Kodem kəndləri yaxınlığında Ukrayna Silahlı Qüvvələrin mövqelərini atəşə tutur. Rusiya Baxmutdan Qorlivkaya gedən magistral yola qədər olan yolları da ələ keçirmək istəyir. Cəhd nəticə versə, Baxmuta hücum iki tərəfdən birdən həyata keçiriləcək. Rusiyanın yeni şəhərləri ələ keçirmək cəhdlərinə baxmayaraq, Ukrayna müdafiə qüvvələri döyüşür və hücumları dəf edirlər. Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Donetskdən 30 kilometr aralıda yerləşən Solodke kəndi geri alınıb.

Bundan əlavə, Ukrayna hərbçiləri Rusiyanın Donetskin Krasnopillya və Dolyna kəndlərinə hücum cəhdlərini uğurla dəf ediblər.

Məlumata görə, Rusiya qoşunları Xarkov vilayətində növbəti uğursuzluğa düçar olub. Ukrayna Silahlı Qüvvələri onun Sosnivka kəndinə basqınının qarşısını alıb, Prudyanka, Pitomnik və Dementivka hücumunu dəf edib.

Ukrayna müdafiə qüvvələri Xerson vilayətinin Lozove kəndi yaxınlığında da Rusiyanın hücumunu dayandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu