Rusiya mediasının iki gündür ən çox müzakirəyə çıxardığı sual budur: Çin lideri Si Cinpin niyə Rusiya Prezidenti Vladimir Putinin dəvətini qəbul etməyərək, Moskvaya gəlməyib, bunun səbəbi nədir?
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində bildirilib.
Mərkəz analitiklərinin fikrincə, bu sual Rusiyanın siyasi və ekspert dairələrini ona görə məşğul edir ki, dəvətin qəbul edilməməsi Vladimir Putin üçün gözlənilməz olub:
“Ukraynaya qarşı işğalçı müharibə aparan və Qərbin sərt sanksiyaları ilə üzləşən Putinin dostu Cinpinin Kremlə gəlişinə ehtiyacı var idi. Digər tərəfdən Vladimir Putin bu ilin fevralın 3-də Pekin Qış Olimpiadasının açılışında iştirak etmişdi. Ona görə də Putin düşünürdü ki, Rusiya üçün hazırki ağır vəziyyətdə çinli dostu onun dəvətini qəbul edəcək. Ancaq Putinin çinli dostu fərqli qərar verdi.
Çin liderinin Kreml səfərini təxirə salmasını iki səbəblə izah edirlər.
Birinci səbəb rəsmidir. Çin pandemiyadan qurtulmayıb və Si Cinpin iki il ərzində ölkəsindən kənara çıxmayıb. Yəni Cinpin özünü pandemiyadan ciddi qoruyur. Ancaq Putin də Cinpin kimi özünün iki ildir koronavirusdan ciddi qoruyur, hətta müxtəlif liderlərlə görüşdən əvvəl onların testdən keçirilməsini tələb edir. Putin testdən keçməyənlərlə əllə görüşmür, onlarla uzun masada müzakirə aparır. Məsələn, Fransa Prezidenti Emmanuel Makron Putinin test tələbini yerinə yetirmədiyinə görə müzakirə Kremldə uzun masa arxasında aparılmışdı. Ancaq Putin üçün Makronla Cinpin arasında böyük fərq var. Buna baxmayaraq, Çin lideri Moskvaya getməməyə qərar verib.
Rusiya mediası Kreml sahibinin pərt vəziyyətə düşməməsi üçün belə bir xəbər yayıb ki, guya Si Cinpin Honq-Konqa səfəri zamanı regional dövlət xadimlərindən birində koronavirus aşkarlanıb və Çin lideri özünü təcrid rejiminə keçib”.
Təhlildə deyilib ki, Çin liderinin Moskva səfərinin təxirə salmasının ikinci versiyası da var:
“Pekin Moskvanın strateji tərəfdaşı sayılsa da, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində tərəf tutmaq istəmir. Əlbəttə Çin Qərb ölkələri kimi Rusiyanın işğalçı müharibəsini tənqid etmir. Ancaq Pekin eyni zamanda Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını gizlətmir. Bu səbəbdən Si Cinpin Moskvaya səfərlə Rusiyanın siyasətini təsdiqləmiş kimi görünmək istəməyib. Çinin əsas iqtisadi maraqları ABŞ və Avropa ölkələri ilə bağlıdır. Pekinin Vaşinqtonla münasibətlərində gərginlik olsa da, Çin lideri Rusiya və ABŞ arasında nisbi balansı qorumaq istəyir.
Səfərin təxirə salınması Rusiyanın siyasi və ekspert dairələrində bu sualı da gündəmə gətirib: “Çin nə dərəcədə etibarlı tərəfdaşdır?”.