6 İyul 2022 12:00
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi 133-cü gününə girərkən Ukrayna Prezidenti Vladimir Zelenski ilə ordu arasında böhran yaranıb. Dünən verilən fərman üçün ordunun onunla məsləhətləşmədiyini deyən Zelenski “Baş Qərargah mənsiz belə qərarlar verməməlidir” bəyanatı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, bununla da Ukrayna administrasiyasında ciddi böhran yaranıb.

Prezident Vladimir Zelenski icazə olmadan əsgərlərin hərəkətinə məhdudiyyətlər qoyan ordu rəhbərliyinə reaksiya verib. Ukrayna ordusunun dünən verdiyi fərmana əsasən, əsgərlər, ehtiyatda olan hərbçilər və digər hərbi zabitlər yerdəyişmədən əvvəl hərbi idarədən icazə alacaqlar.

Ukrayna Quru Qoşunlarının komandanı Valeri Zaluzniy "Facebook" səhifəsində bunları yazıb: “Hörmətli vətəndaşlar və hərbi xidmətini davam etdirənlər. Xatırlatmaq istərdim ki, müharibə davam edir. Ölkənizin sizə ehtiyacı var. Hər kəs hərbi hissələrdə qeydiyyata alınmalıdır”.

Zelenski isə onunla məsləhətləşmədən alınan bu qərarın administrasiyada mübahisələr yaratdığını bildirib. Xalqa müraciətində ordunu tənqid edən Zelenski deyib ki, bu qərarla bağlı fərqli qiymətləndirmələrin olduğunu görürəm: “Bu məsələdə anlaşmazlıq var. Mən xalqa söz verirəm ki, bu məsələni araşdıracağam. Baş Qərargahın gələcəkdə mənsiz belə qərarlar verməməsini xahiş edirəm”.

Bir çox ukraynalı da sosial şəbəkələrdə qərarın hərəkət azadlığına və iqtisadiyyata mənfi təsir edəcəyini şərh edib.

Rusiya ordusunun Ukraynanın şərqində Donbas bölgəsində irəlilədiyi və şiddətli toqquşmaların olduğu bir vaxtda böhranın yaranması diqqət çəkib.

Rusiya mətbuatı daha əvvəl Ukrayna ordusu ilə prezident Zelenski arasında ciddi fikir ayrılıqlarının olduğunu iddia etmişdi. Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Ukrayna ordusu prezident Vladimir Zelenskini devirə bilər.


Müəllif: Nemət