6 İyul 2022 14:50
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Madrid sammitində Rusiya Qərb üçün əsas təhdidedici ölkə kimi qəbul edildi. Hesab edirəm ki, Qərb bu təhdidi dayandırmaq üçün bundan sonra Ukraynaya bütün növ, o cümlədən hücum silahları ötürməyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert NATO baş katibi Yens Stoltenberqin fikrinə istinad edib:

“Stoltenberq açıq şəkildə bildirdi ki, NATO ölkələrin arsenalında Ukrayna verilməyəcək silah yoxdur. O, bunun Rusiya ilə müharibənin kəskinləşəcəyi mesajını verdi. ABŞ “Lend Liz” qanununa uyğun olaraq Ukraynaya HIMARS 80-300 km mənzilli raketlər və reaktiv artilleriya sistemləri göndərir. Ağ Evin sonuncu açıqlamasında da ABŞ-ın Ukraynanı dəstəkləməyə davam edəcəyi bildirilib.

Qənaətimə görə, Ukraynaya verilən silahlar Rusiyanın döyüş meydanında ciddi itkilər verməsi ilə nəticələnəcək. Bu da Ukrayna ordusunda yüksək ruh və psixoloji üstünlük qazandıracaq. Artıq Ukrayna qüvvələri Xersonda bir neçə istiqamətdə əks-hücuma keçərək üstünlüyü ələ alıb. Rus ordusu Donbasda müəyyən irəliləyişə nail olsa da, ukraynalıların bu istiqamətdə də onlara sürpriz edəcəyini demək olar.

Müharibənin dayandırılması ehtimalına gəldikdə, Ukrayna Rusiya qarşısında ərazi güzəşti ilə buna getsə və indiki status-kvo ilə danışıqlar masası arxasında otursa, bu, Moskvanın əlini daha da gücləndirəcək. Buna görə də müharibənin davam edəcəyini deyə bilərik. Britaniya Baş naziri Boris Conson da indiki halda Rusiyaya istənilən güzəştin dünya üçün fəlakət olacağı xəbərdarlığını edib”.

Məhəmməd Əsədullazadə Ukrayna ordusunun əks-hücumu ilə bağlı proqnozunu da açıqlayıb:

“Ukrayna ordusu yeni hücum silahları aldıqdan sonra, təxminən avqustda əks-hücuma keçə bilər. Rusiyaya gəldikdə, əvvəlki aylara nisbətən öz döyüş qabiliyyətini bərpa etsə də, onun üçün məğlubiyyət qaçılmazdır. Qərbin mövqeyində dəyişiklik baş verməsə, Rusiyanı zəiflətmək mümkün olacaq.

Ötən əsrdə beynəlxalq nizamı formalaşdırmaq üçün iki dünya müharibəsi baş verdi. Bu gün də yeni münasibətlər sistemi qurulur, dünyanın siyasi düzəni dəyişir. ABŞ başda olmaqla kollektiv Qərb Rusiyaya öz nizamını formalaşdırmağa imkan verməməyə çalışacaq.

Hesab edirəm ki, Rusiyanın Ukraynada strateji məğlubiyyəti Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsinə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına şərait yaradacaq. Bu, Türkiyənin Cənubi Qafqaza daxil olmasına mane ola bilməyən Rusiya üçün ağrılı məğlubiyyətlərdən biri olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu