7 İyul 2022 01:13
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Dorset bölgəsində tapılmış Dəmir dövrünə aid yaşayış məskənində təxminən 2000 il əvvəl dəfn edilmiş 5 nəfərin qalıqları aşkar edilib.

Teleqraf.com xəbər verir ki, skeletlər qurbanlıq heyvanlarla birlikdə əyilmiş halda basdırılmış vəziyyətdə tapılıb.

“O biri dünya”da rahat yaşamaq üçün qurbanları ilə dəfn edilən insanların məzarları arxeoloqları düşündürür.

Əslində, dairəvi formalı evlərin və anbar çuxurlarının olduğu ərazini keçən ilin sentyabrında Bornmut Universitetinin arxeoloq tələbələri aşkar ediblər.

Arxeoloji sahə “Duropolis” adlandırılıb. Çünki e.ə. təxminən 100-cü illərdə kənd təsərrüfatı və yaşayış məskəni olan bu ərazilərin Durotriges qəbiləsi tərəfindən işğal edildiyi düşünülür.

Son üç həftə ərzində universitetin 65 nəfərdən ibarət qrupu ərazidə qazıntı işləri aparıb. Araşdırma zamanı kişi və qadın qalıqları ilə yanaşı, taxıl saxlamaq üçün istifadə edilən anbar çuxurları və heyvan sümükləri tapılıb. Beş nəfərin qalıqları oval formalı çuxurlarda bükülmüş vəziyyətdə aşkar olunub.

Arxeoloqlar bildirirlər ki, insanlar axirət həyatına hazırlaşmaq məqsədilə heyvanlarının yanlarında əyilmiş halda basdırılıb. Mütəxəssislərin bildirdiyinə görə, bu üsul o dövrdə standart təcrübə olub, Tunc dövründən Dəmir dövrünə qədər davam edib.

Arxeoloq Demiyen Evans deyib: “Yan üstə uzanmış, əzaları əyilmiş vəziyyətdə tapdığımız qalıqlar o dövrdə Durotrigelərin təcrübəsi olub. Ölənlər axirətləri üçün qurbanlarla dəfn edilib”.


Müəllif: Mənsur Rəğbətoğlu