Yaxın Şərq və Şimali Afrika (MENA) bölgəsində ali məktəblər və rəy sorğusu təşkilatları ilə işləyən “Ərəb Barometri” şəbəkəsinin apardığı sorğunun nəticələrinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ də ən populyar liderdir.
Teleqraf.com xəbər verir ki, 2021-ci ilin oktyabrından 2022-ci ilin iyuluna qədər 9 ölkədən 23 min nəfərin iştirak etdiyi sorğuda ərəb dünyasının demokratiyadan iqtisadiyyata, qadın haqlarından beynəlxalq münasibətlərə və miqrasiyaya qədər baxışları araşdırılıb.
Dünya liderlərinin regional siyasətləri qiymətləndirilən sorğuda Ərdoğanın MENA-ya yönəlik siyasətinin xüsusilə 6 ölkədə - Tunis, Fələstin, Mavritaniya, İordaniya, Mərakeş və Sudanda məşhur olduğu görülür.
Ərdoğanla ondan sonrakı ən populyar liderlər arasında böyük fərq var. Məsələn, fələstinlilərin 61 faizi Ərdoğanın siyasətinin “yaxşı” və ya “çox yaxşı” olduğunu düşünür. Cəmi 19 faiz ona ən yaxın lider olan Rusiya Prezidenti Vladimir Putinin MENA siyasətinin “yaxşı” və ya “çox yaxşı” olduğunu bildirib.