10 İyul 2022 16:53
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden NATO liderlərinin Madriddəki sammitindən sonra Türkiyəyə F-16 qırıcılarının satışını dəstəklədiyini bildirmişdi.

Teleqraf.com xəbər verir ki, Baydenin bu açıqlamasından sonra ABŞ-da Türkiyəyə F-16 satışının qarşısını almaq istəyən dairələrin fəallığı artıb.

Prosesi əngəlləmək istəyənlər arasında ABŞ-da Ermənistan və Yunanıstanın lobbiçiliyini edən siyasətçilərin aktivliyi xüsusilə diqqət çəkir. Əvvəllər FETÖ lideri Fəthullah Gülənin ekstradisiyasının qarşısını almaq üçün keçmiş prezident Donald Trampa təzyiq etməyə çalışan, eyni zamanda, Qarabağdakı erməni separatçılarına açıq dəstəyi ilə tanınan konqresmen Frank Pallone başda olmaqla ABŞ Konqresinin 35 üzvü Baydenə məktub göndərərək “F-16 satmağı dayandırın” tələbini irəli sürüb.

Pallone məktubun bir nüsxəsini Tvitter hesabında yayımlayaraq, Türkiyəyə qarşı skandal ifadələrə yer verib. O, ABŞ-ın Türkiyə ordusuna dəstək verməməli olduğunu qeyd edib.

Anti-Türkiyə və anti-Azərbaycan lobbisinin üzvləri məktublarında yazıblar:

“Sizə bildirmək istəyirik ki, F16-ların potensial satışı və modernləşdirilməsi ilə bağlı NATO zirvəsində dilə gətirdiyiniz sözlərdən çox narahatıq”.

Ermənipərəst konqresmenlər bu addımın “Türkiyə üçün mükafat” olacağını deyiblər.

Ağ Evdən verilən son açıqlamada isə Baydenin Türkiyəyə F-16 satışına dəstəyini açıq şəkildə bildirdiyi və bununla bağlı Ankarayla danışıqların davam etdirildiyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu