14 İyul 2022 12:08
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban bayramı Yunanıstanın Aleksandriya bölgəsində yaşayan Qərbi Trakya türkləri üçün o qədər də xoş keçməyib.

Teleqraf.com xəbər verir ki, Yunanıstan hakimiyyəti türklərə məsciddə bayram namazının qılınmasına icazə verməyib.

Yunanıstanın rəsmi qurumları 2017-ci ildən məscidin fəaliyyətinə süni əngəllər yaradır. Bölgədə yaşayan türklər üç dəfə məscidin açılması üçün aidiyyəti qurumlara müraciət etsələr də, hər dəfə süni bəhanələrlə rədd edilib.

2020-ci ildə məhkəmə Yunanıstan hakimiyyətinin lehinə qərar verdikdə, məsələ Dövlət Şurasının müzakirəsinə verilib. Şuranın türklərin lehinə qərar verməsinə baxmayaraq, Dini İşlər Nazirliyi bu qərara məhəl qoymayıb və yenə bəhanə ilə məsciddən istifadəyə icazə verməyib.

Bölgədə yaşayan müsəlmanların müftisi Musa Çolak “TRT News”a proseslə bağlı bunları deyib:

“Məhkəmədə udduq. Amma buna baxmayaraq, Dini İşlər Nazirliyi hələ də xırda səbəblərdən bizə icazə verməməkdə israrlıdır. Bu insanlar Avropa İttifaqı, Yunanıstan vətəndaşlarıdır, amma bir çox hüquqlarından məhrumdurlar”.

20 mindən çox əhalisi olan bölgədə 1000-ə yaxın Qərbi Trakya türkü yaşayır. Yunanıstan rəsmiləri müsəlman qəbiristanlıqlarına icazə vermədiyi üçün türklər təkcə təhsil və ibadət yeri tapmaqda deyil, bu məsələdə də çətinlik çəkirlər. Ölənlər illərdir ki, yüzlərlə kilometr uzaqdakı qəbiristanlıqda basdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu