29 İyul 2022 11:47
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirə bilib, çünki 2021-ci ilin noyabrında məmurlara rüşvət vermək və qansız zəbt üçün zəmin hazırlamaqdan ötrü agentlərini ora göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Royter” agentliyi bildirir.

“İşğal planı ilə bilavasitə tanış olan mənbə bildirib ki, Rusiya 2021-ci ilin noyabrında Ukraynaya gizli kəşfiyyat agentləri göndərməyə başlayıb. Onlara Çernobıl AES-in təhlükəsizliyinə cavabdeh olan rəsmilərlə əlaqə yaratmaq tapşırılıb. Agentlərin məqsədi rus qoşunlarının gəlişindən sonra silahlı müqavimətin göstərilməməsini təmin etmək olub", - nəşr öz mənbəyinə istinadla yazır.

Mənbənin sözlərinə görə, “Çernobıl həm də qərargah olub. Bura sənədlərin ötürülmə nöqtəsi olmaqla yanaşı Ukrayna rəsmiləri pul müqabilində rus casuslarına Ukraynanın hərbi hazırlığı barədə məlumat veriblər”.

Çernobıl AES-də işləyən şəxslərlə bağlı üç araşdırma aparılır. Araşdırma zamanı Rusiya agentlərinə məlumat verməkdə və ya obyektin ələ keçirilməsində başqa cür köməklik göstərməkdə şübhəli bilinən azı iki nəfər müəyyən edilib.

Agentlik Rusiya və Ukraynada onlarla məmurdan müsahibə götürüb, Ukrayna məhkəmə sənədlərini və Çernobılda işləyən insanların davranışlarının araşdırılması ilə bağlı bəyanatları nəzərdən keçirib və "sızma"nın ictimaiyyət tərəfindən qəbul ediləndən qat-qat dərin olduğunu aşkarlayıb.

Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov bildirib ki, xarici düşmənlə yanaşı, təəssüf, daxili düşmənimiz var və bu düşmən heç də az təhlükəli deyil. Onun sözlərinə görə, işğal zamanı Ukraynanın müdafiə, təhlükəsizlik və hüquq-mühafizə sektorlarında agentlər olub. O, ad çəkməkdən imtina edib, lakin bildirib ki, bu cür satqınlar nəyin bahasına olur-olsun zərərsizləşdirilməlidir.


Müəllif: Nemət