ABŞ Hərbi Hava Qüvvələri F-35 döyüş təyyarələrindəki atma oturacaqlarında yaranan problemə görə uçuşlarının dayandırıldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, fövqəladə vəziyyətlərdə pilotun təyyarəni tərk etməsinə imkan verən oturacaqların istənilən kimi işləmədiyi üzə çıxıb.
Nöqsanın aşkarlanmasından sonra ABŞ Hərbi Hava və Hərbi Dəniz Qüvvələri təyyarələrin uçuşunu təxirə salıb.
Önümüzdəki dövrdə F-35 döyüş təyyarələrinin yenidən sınaqlardan keçiriləcəyi bildirilir.
Açıqlamaya görə, təyyarədən atma oturacağını ayırmaq üçün istifadə edilən partlayıcı patronda problem olduğu aşkar edilib. Bu sistem “Martin-Baker” adlı şirkətin istehsal etdiyi patronlarla əvəz olunmalıdır.
ABŞ rəsmiləri bu problemin hansı təyyarədə olduğunu desələr də, təhlükəsizlik səbəbi ilə bundan təsirlənən təyyarələrin sayını açıqlamayıblar.
Məsələ ilə bağlı ABŞ-ın F-35 təyyarələri satdığı ölkələrə də məlumat verildiyi bildirilib. Bu səbəbdən İngiltərə və İsrail də F-35-lərin uçuşunu təxirə salıb. İsrail F-35 təyyarələrinin yalnız xüsusi icazələrlə havaya qalxa biləcəyini açıqlayıb.