2 Avqust 2022 11:34
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana mümkün səfəri səbəbindən Amerika və Çin arasında gərginlik davam edərkən, Ağ Evdən məsələ ilə bağlı yeni açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Pelosinin Tayvana səfər etmək hüququna malik olduğunu bildirib.

Onun sözlərinə görə, əvvəllər palata sədri ilə yanaşı, bir sıra Konqres üzvləri də insidentsiz Tayvana səfər ediblər.

Kirbi Pelosinin Tayvana səfərinin ABŞ-ın bu yöndəki siyasətini dəyişmədiyini vurğulayıb.

Ağ Evin sözçüsü Çinin önümüzdəki günlərdə bu səfərə hərbi təxribatlarla cavab verməyə hazır göründüyünü də deyib:

“Tayvanın müstəqilliyini dəstəkləmədiyimizi və boğazlarla bağlı fikir ayrılıqlarının dinc yolla aradan qaldırılmasını gözlədiyimizi söylədik. Sadə dillə desək, Pekinin ABŞ-ın uzunmüddətli siyasətinə uyğun gələn potensial səfəri hansısa böhrana və ya qarşıdurmaya çevirməsi, yaxud bundan Tayvan boğazında və ya onun ətrafında aqressiv hərbi fəaliyyəti artırmaq üçün bəhanə kimi istifadə etməsi üçün heç bir səbəb yoxdur”.

Tayvan mediasının diplomatik mənbələrə istinad etdiyi xəbərdə Pelosinin bu gün yerli vaxtla saat 22:30-da paytaxt Taybeydəki Sonqşan hava limanına enişinin gözlənildiyi iddia edilib. Pelosinin sabah Tayvan lideri Tsay İnq-ven və bəzi yüksək vəzifəli şəxslərlə də görüşəcəyi və günorta saatlarında ölkəni tərk edəcəyi deyilib. Tayvan təhlükəsizlik orqanlarının Amerika rəsmisinin səfəri üçün ən yüksək səviyyədə tədbirlər görəcəyi də bildirilib.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Pelosinin Tayvana səfərinə qəti şəkildə qarşı olduqları bir daha vurğulanıb. Açıqlamada Çinin öz suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün kəskin tədbirlər görəcəyini və Çin ordusunun buna cavab verəcəyi deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər