Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvanı ziyarət edərsə, Amerikanın bunun bədəlini ödəyəcəyi bildirilib.
Teleqraf.com xəbər verir ki, bu addımın fəlakətli nəticələrinin olacağı deyilib.
“ABŞ-la təmasda idik. Ümid edirik ki, Birləşmiş Ştatlar bu hadisənin ciddiliyini və bunun nə qədər həssas olduğunu başa düşür. Səfər baş tutsa, qəti addım atacağıq. Əgər ABŞ Çinin təkrar və ciddi xəbərdarlıqlarına məhəl qoymasa, Çinin əks tədbirləri haqlı və zəruri olacaq. Tayvan ABŞ-ın atdığı addımın “fəlakətli nəticələri” ilə üzləşəcək. Birləşmiş Ştatlar da, şübhəsiz ki, Çinin suveren hüquqlarının pozulmasının əvəzini ödəyəcək”, - bəyanatda vurğulanıb.
Tayvanın “China Times” qəzeti yazıb ki, Pelosi bu gün yerli vaxtla saat 22.30-da Taypeyə gələcək və gecəni adada keçirəcək. Xəbərdə Pelosinin sabah səhər Tayvan lideri Tsay İnq-ven ilə görüşəcəyi, daha sonra yerli vaxtla saat 10:00-da adadan ayrılacağı qeyd edilib.