ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu iddia edilən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus xüsusi təyyarə Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub .
Teleqraf.com xəbər verir ki, təyyarənin Taypey hava limanına saat 18.43 radələrində çatması gözlənilir.
Təyyarəni Çinin gözlənilən hücumundan qorumaq üçün ən müasir müdafiə sistemləri aktivləşdirilib.
Daha əvvəl bildirilmişdi ki, Tayvan hakimiyyəti Çinlə gərginliyin artması fonunda ölkənin ən böyük şəhərlərində bomba sığınacaqları hazırlamağa başlayıb. Hazırlıqlara raket zərbəsi zamanı insanların gizlənə biləcəyi sığınacaqların işarələnməsi daxildir.
Həmçinin Fujian əyalətinin sahillərində, Tayvan boğazı yaxınlığında, PLA dəniz piyadalarının döyüş maşınları, xüsusən də ZTD-05 amfibiya tankları görüldü . Fujian əyalətində DF-16 orta mənzilli ballistik raket buraxılış qurğularından ibarət qatar yükü aşkarlanıb.
Bir gün əvvəl Çin Xalq Azadlıq Ordusu Tayvanın 120 km-də yerləşən Pinqtan adası yaxınlığında canlı atəşli təlim keçirib və bu təlim zamanı DF-17 kompleksinin hipersəs raketi sınaqdan keçirilib.