3 Avqust 2022 15:50
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çin Rusiya kimi emosional və axmaq deyil ki, özü gedib quyuya və ya əvvəlcədən hazırlanmış bataqlığa düşsün”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi Tayvan-Çin münaqişəsi ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Çin Honq Konqu geri almaq üçün 99 il gözlədi. 1842-ci ildə Britaniya Nankin müqavilədinə görə bölgəni işğal edərək öz koloniyası elan etdi, amma 1899-cu ildə imzalanan, 1911-ci ildə isə təsdiqlənən müqavilələrə görə Britaniya Honq Konqu 99 il sonra müəyyən şərtlər çərçivəsində Çinə qaytaracağını təsdiqlədi. 1997-ci ildə isə Çinə geri qaytarıldı.

Çinin dünyaya baxışı fərqlidir, döyüşçü deyil, ticarətçidir. “Əgər düşməninin ölüsünü görmək istəyirsənsə, çayın kənarında oturub gözlə, bir gün düşmənin meyitini çay sənin qarşından axıdacaq” - belə bir düşüncəyə malik toplum müharibə etməz. Yaxud “əgər iki pələng döyüşürsə, ağıllı meymun ağaca çıxıb bu döyüşün sonunu gözləyir” - fikrini siyasi doktrinaya çevirən Çin ilk güllə atmaz, bu döyüşə daxil olmaz. Ona görə də “Çin təyyarəni vuracaq”, “Tayvana qoşun yeridəcək” fikirlərinin əvvəldən əsası yox idi. Yəni Çin Rusiya kimi emosional və axmaq deyil ki, özü gedib quyuya və ya əvvəlcədən hazırlanmış bataqlığa düşsün.

Çinin dünyaya diktə edə biləcəyi ideoloji doktrinası da yoxdur, buna iddia da etmir. Bəs təhlükəsi nədir? Çinin ən böyük təhlükəsi odur ki, avtoritar rejimin də uğurlu, güclü model qura biləcəyini sübut edə, bu isə dünyada demokratik sistemlərin uğur hekayəsini şübhə altına qoya bilər. Çin modelinə qədər heç kimdə şübhə yox idi ki, rifahın yolu liberal iqtisadiyyat və demokratiyadır, Pekinin son 30 ildə keçdiyi yol bu haqda müzakirələri qızışdırdı. Qərbin son illərdə liberal bazardan - iqtisadiyyatdan uzaqlaşması da bu diskursu artırdı. ABŞ və Avropa Birliyi son illərdə iqtisadiyyata o qədər “sol” müdaxilələr etdilər ki, Qərbin tarixi üstünlüyünü şübhə altına qoydular, liberal iqtisadi modeldən kənarlaşdılar”.

Natiq Cəfərli hesab edir ki, məhz buna görə dünyada avtoritar liderlərin və ölkələrin, o cümlədən Rusiya və Çinin ayağı yer aldı, daha aqressiv davranmağa başladılar:

“Sədəcə Rusiya daha emosional və ağılsız, Çin isə çox soyuqqanlı və ağıllıdır. Qərbin bu iki “monstr”ı yerinə otuzdurması ancaq öz əski, əsl liberal ayarlarına geri dönməsi ilə mümkün ola bilər. Təhlükəsizlik adı altında azadlıqları məhdudlaşdırmaqla, liberal iqtisadiyyatdan əl çəkməklə bu iki “monstr”a qalib gəlmək olmaz. Çünki hər iki avtoritar ölkənin ən zəif yeri – “Axilles dabanı” məhz liberal iqtisadiyyat və azadlıqların genişlənməsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər