Almaniyanın keçmiş kansleri Gerhard Şröder ötən həftə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra “Stern” qəzetinə müsahibə verib.
Teleqraf.com xəbər verir ki, eks-kansler Kremlin dialoq yolu ilə həll istədiyini iddia edib.
“Mart ayında İstanbulda olduğu kimi, Rusiya və Ukrayna arasındakı müharibəyə müzakirə yanaşması var idi. Hazırda taxıl daşınması ilə bağlı danışıqlar aparan türklər çox kömək etdilər. Taxıl müqaviləsi ilk uğurdur. Ola bilsin ki, bunu tədricən atəşkəsə çevirmək olar”, - Şröder bildirib.
Sabiq kansler Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün hər iki tərəfin güzəştə getməsinin lazım olduğunu vurğulayıb: “Ukraynanın mümkün güzəştlərinə “Rusiyanın diktə etdiyi sülh” kimi böhtan atmaq böyük səhvdir”.
Şröder Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu mövzuda göstərdiyi səylərə diqqət çəkib: “Türkiyə Prezidenti Ərdoğanın vasitəçilik cəhdinə münasibətim yaxşıdır”.
Keçmiş kansler onu da deyib ki, amerikalıların dəstəyi olmadan danışıqlar yolu ilə həll mümkün olmayacaq.
Putindən niyə uzaqlaşmadığı ilə bağlı suala Şröder belə cavab verib: “Müharibəni qınamışam, siz bunu bilirsiniz. Bəs Vladimir Putindən uzaqlaşmağımın həqiqətən də kiməsə faydası varmı?”
Şröderin Rusiya lideri ilə görüşü Ukrayna və bir sıra Avropa ölkələrində etirazla qarşılanıb.