5 Avqust 2022 16:18
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pelosinin Tayvana səfəri Zelenskinin Çini Rusiyadan uzaq tutmaq istəyinin üstündən xətt çəkdi”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilib.

Məqalədə Tayvan-Çin münaqişəsi ətrafındakı son geosiyasi gəlişmələrə diqqət çəkilib:

“ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri Çinin imicinə zərbə vurub. Pekin Pelosi Taydana gələrsə, sərt addımlar atacağını açıqlamışdı. Səfər reallaşdı, çoxları Pekinin hansı şəkildə cavab verəcəyini proqnozlaşdırmağa çalışır.

Çin bu səfərə görə ABŞ-la hərbi qarşıdurmada maraqlı deyil. Pekin iki ölkə arasındakı gərginliyi daha da artırmaq və əsas ticarət tərəfdaşlarından biri ABŞ-la körpüləri yandırmaq istəmir. Ancaq Pekinin hansısa formada cavabı olacaq. Pekin ilk növbədə Teyvan ətrafında halqanı daraltmağa çalışacaq. Mümkündür ki, Çin hərbi qüvvələrinin Tayvan adası ətrafında sayı və təlimləri artsın. Bunun özü beynəlxalq aləmdə gərginliyi artıracaq”.

Mərkəzin analitikləri hesab edirlər ki, Pelosinin Tayvana səfəri Çini Rusiya ilə daha da yaxınlaşdıracaq:

“Bu, rəsmi Kiyevi narahat etməyə başlayıb. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Vladimir Zelenski Çin lideri Si Cinpinlə telefonla danışmaq üçün Pekinə müraciət edib. Bu haqda Çin Xarici İşlər Nazirliyinin sözçüsü məlumat verib. Sözçü deyib ki, Pekin Kiyevlə dialoq içindədir, ancaq liderlərin telefonla danışıb-danışmayacağına dair hər hansı fikir işlətməyib.

Zelenskinin Cinpinlə telefonla danışmaqda məqsədi odur ki, Tayvan böhranı fonunda Çinin Rusiyanın işğalçı siyasətinə dəstəyi artmasın. Zelenski hesab edir ki, Pekin Moskvaya təsir edə bilər. Pekinin belə bir niyyətinin olduğunu söyləmək mümkün deyil. Pelosinin Tayvana səfəri Zelenskinin Çini Rusiyadan uzaq tutmaq istəyinin üstündən xətt çəkdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər