Tayvanda Müdafiə Nazirliyinin nəzdində olan “Çunq-Şan” Milli Elm və Texnologiya İnstitutunun vitse-prezidenti Ou Yanq Li bu gün səhər saatlarında otel otağında ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, Ou Yanq Linin adanın cənubundakı Pinqtunq bölgəsində öldüyü bildirilir.
Yerli media raket proqramı rəhbərinin böyük ehtimalla infarktdan öldüyünü yazır. 57 yaşlı məmurun otel otağında heç bir şübhəli məqam aşkar edilməyib.
Ou Yanqın Tayvanda bir çox raket layihələrinə cavabdeh olduğu bildirilir.
Hadisənin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çinin bölgədə hərbi təlimlərə başladığı dövrə təsadüf etməsi diqqət çəkib.