Rusiya-Ukrayna müharibəsi ilə bağlı Çinin mövqeyində dəyişiklik mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu “Ordu” araşdırmaları mərkəzinin Asiya-Sakit Okean regionu bölməsinin rəhbəri Yuri Poyta deyib.
Onun sözlərinə görə, 2021-ci ildə məlum oldu ki, Çin nə Ukraynanın dostudur, nə də düşməni:
“Çin Ukraynanın tərəfdaşı idi. Ukrayna hakimiyyəti bunu açıq şəkildə ifadə edib. Rusiya-Ukrayna müharibəsi vəziyyəti ciddi şəkildə dəyişdi. Hazırda ekspertlər tez-tez Çinin mövqeyini “rusiyayönlü neytrallıq” kimi dəyərləndirirlər. Çin bir tərəfdən Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, digər tərəfdən isə BMT Təhlükəsizlik Şurasında ardıcıl olaraq qətnamələrimizin əleyhinə səs verir, Rusiyanı davranışlarına görə qınamır, müharibəni “Ukrayna böhranı” adlandırır, bunu yalnız ABŞ və NATO-nun üzərinə atır və s.”.
Poyta hesab edir ki, bu gün Çinin Ukraynadakı müharibə ilə bağlı mövqeyində dəyişiklik mümkün deyil: “Ukrayna üçün bu vəziyyət məqbuldur, çünki Çin hələ də Rusiyaya hərbi-texniki yardım göstərməyib”.
Onun fikrincə, Ukraynanın əsas strategiyası Çini düşmənə çevirməmək olmalıdır:
“Tərəfdaşlığı həyata keçirəcəyimiz sahələri aydın şəkildə göstərməliyik. Bunlar ticarət, iqtisadi layihələrdir. Eyni zamanda, müəyyən sahələrə ciddi məhdudiyyətlər qoyulmalıdır. Söhbət kibernetik sahədən, hərbi-texniki əməkdaşlıqdan gedir”.
Həmçinin, Poytanın sözlərinə görə, Çinlə diplomatik əlaqə kanalları işləmir: “Biz Çin lideri ilə telefon danışığı belə təşkil edə bilmirik, nəinki onunla görüş. Bu, Ukraynanın günahı deyil. Çin sadəcə olaraq Rusiyanı qane etməyən hər hansı tədbir görməyə hazır deyil”.
Poytanın iddiasına görə, hazırda Çindən Rusiyaya hərbi yardımın olması ehtimalı yoxdur: “ABŞ və Avropa Birliyinin bu məsələdə tutduğu mövqe sayəsində Rusiyaya hərbi-texniki yardım göstərilməsi hələ də təsdiqini tapmayıb”.