10 Avqust 2022 17:28
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp əmlaklarının dəyəri ilə bağlı aparılan təhqiqat çərçivəsində Nyu-York Baş Prokurorluğunda and içərək ifadə verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə eks-prezidentin özü məlumat verib.

Tramp bu gün Nyu-Yorkun “irqçi baş prokuror”u ilə görüşəcəyini və ABŞ tarixindəki ən böyük “cadugər ovu”nun davam etdiyini deyib.

O, əmlaklarının dəyəri ilə bağlı aparılan istintaq çərçivəsində and içərək sorğu-sual ediləcəyini təsdiqləyib:

“Mənim böyük şirkətim və mən hər tərəfdən hücuma məruz qalırıq. Banan respublikası”.

Açıqlama ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Trampın Mar-A-Laqo malikanəsində axtarış apardıqdan sonra verilib.

Nyu-Yorkun baş prokuroru Letitiya Ceyms “Trump Organisation”a aid göydələnlər və qolf meydançaları kimi aktivlərin dəyərinin 10 ildən artıqdır maliyyə hesabatlarında yanlış göstərildiyinin iddia edildiyi istintaq çərçivəsində Tramp və övladlarını ifadə verməyə çağırıb.

Hər dəfə Tramp və vəkilləri qərara etiraz edərək Baş Prokurorluğun tələb etdiyi sənədlərin əllərində olmadığını bildiriblər. Uzun müddətdən sonra - iki həftə əvvəl Nyu-York Apellyasiya Məhkəməsi Trampın məhkəməyə gələrək istintaqla bağlı ifadə verməsi qərarını təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu