Paytaxt Riqada latviyalı həmkarı Artis Pabrikslə görüşən ABŞ müdafiə naziri Lloyd Ostin Rumıniya və Avropanın digər bölgələrindəki Amerika qoşunlarının Baltikyanı ölkələrində daimi rotasiya planlarının olduğunu, amma əlavə qüvvələrin gətirilə biləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazir ABŞ-ın Latviya və digər Baltikyanı ölkələrlə daha çox hərbi təlimlər keçirəcəyini və Rusiyadan gələn təhlükəyə qarşı onlara daha çox təlim verməyə çalışacağını deyib.
Ostin ABŞ-ın Baltikyanı regionun özünü müdafiə etməsinə yardım edəcəyinə dair öhdəliklərini xatırladıb.
Pabriks isə bildirib ki, əsas prioritetləri ABŞ-ın bölgədə daha çox hərbi gücünün olması və Latviya qoşunlarının müntəzəm təlimlərinin keçirilməsidir. Nazir onu da deyib ki, ölkəsinin yeni hərbi texnika almaq, hava və sahil müdafiəsini gücləndirmək üçün ABŞ-dan əlavə maliyyə yardımına ehtiyacı var.
Rusiyanın müttəfiqi, Latviyanın qonşusu Belarusdan gələ biləcək təhlükəyə toxunan Pabriks Belarusu müstəqil dövlət kimi görmədiyini və Rusiyanın bir hissəsi olduğunu iddia edib.
Ostinin təxminən son 30 ildə Latviyaya səfər edən ilk ABŞ müdafiə naziri olduğuna, bununla Rusiyanın qərb sərhədlərində yerləşən Baltikyanı ölkələrin artan önəminə diqqət çəkilir.
ABŞ Avropaya ümumilikdə 100 minə yaxın hərbçi göndərib. Hazırda Latviyada 500-ə yaxın ABŞ hərbçisi var.