Rusiyanın işğalında olan və son vaxtlar bombardmanların hədəfinə çevrilən Avropanın ən böyük atom elektrik stansiyası olan “Zaporoje” ətrafında gərginlik artır.
Teleqraf.com xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Qrossinin AES-in son vəziyyətini “tamamilə nəzarətdən çıxmış” adlandırmasından sonra Rusiya mətbuatından “təcili çağırış” gəlib.
“Moskovski Komsomolets” qəzeti bu təhlükənin qarşısını ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ala biləcəyini yazıb:
“Ərdoğana təcili ehtiyac var: bizi yeni Çernobıldan yalnız Türkiyə prezidenti xilas edə bilər. “Zaporoje” stansiyası ilə bağlı ixtilafda risk həddən artıq böyükdür, həlli yoxdur”, - müəllif vurğulayıb.
Məqalədə Avropanın Çernobıl olaylarından daha pis nüvə fəlakəti ilə üz-üzə qaldığı bildirilib: “Bunlar jurnalist şişirtmələri, analitiklərin nəzəriyyələri, ekspertlərin uydurmaları deyil. Bu, eyni anda bir neçə müstəqil mənbədən alınan rəsmi məlumatdır. Təhlükə yaxındadır”.
Rus nəşri baş verənlərə görə tərəflərin bir-birini günahlandırdığını qeyd edib:
“Rusiya Ukraynanı günahlandırır, Ukrayna da Rusiyanı. Qərb isə Ukraynanı dəstəkləyir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və BMT siyasi nəzakəti qorumağa çalışır. Ukrayna müharibəsi zamanı yalnız bir siyasətçi özünü hər kəsə çatan və danışıqlar prosesini ortada qoymayan, daimi və effektli vasitəçi olduğunu sübut etdi. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Moskva, Kiyev və Qərbin paytaxtlarında ona etibar edirlər. Onu oyuna salmağın vaxtı deyilmi?
Hazırda “Zaporoje” AES ətrafında baş verənlər Türkiyənin fəal iştirakı və vasitəçiliyi sayəsində uğurla həll olunan Ukrayna taxılının ixracı məsələsindən heç də az əhəmiyyət kəsb etmir. Stansiyanın yerləşdiyi yerlə İstanbul arasındakı məsafə düz xətt üzrə 851 km-dir”.