Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərindən sonra onun Suriya başçısı Bəşər Əsədlə görüşəcəyi iddiasına Dəməşqdən cavab gəlib.
Teleqraf.com xəbər verir ki, Suriyanın diplomatik mənbələrindən mətbuata verilən açıqlamada Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında telefon danışığı olacağı məlumatı təkzib edilib.
“Türkiyə” qəzetində dərc olunan xəbərdə isə Türkiyənin İran və Rusiya ilə danışıqlarında Suriya məsələsinə də yansıyacaq mühüm qərarların razılaşdırıldığı bildirilib.
Həmin nəşrin bundan əvvəlki xəbərində isə Ərdoğanla Əsəd arasında telefon səviyyəsində görüşün keçiriləcəyi iddia olunmuşdu.
İddiaya görə, Türkiyə Rusiya, İran və Əsəd rejimi ilə birlikdə ölkənin şərqində PKK terror təşkilatına qarşı birgə əməliyyat təklif edib.
Livanda fəaliyyət göstərən “Əl-Məyadin” telekanalının saytına açıqlama verən Əsəd rejiminin rəsmisi Ərdoğanla görüş iddiasını təkzib edib: “Suriya və Türkiyə prezidentləri arasında görüşdən danışmaq tamamilə yanlış olardı”.
Digər tərəfdən, Əsəd rejiminə yaxınlığı ilə tanınan “Əl-Vətən” qəzeti də eyni xəbəri yayımlayaraq bu məlumatı təkzib edib.