Fransa Prezidenti Emmanuel Makronun tətildə jet-ski ilə çəkdirdiyi fotolar ekoloq deputatların reaksiyasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, Avropa Ekologiya və Yaşıl Hərəkat Partiyasının (EELV) deputatları Makronun jet-skidən istifadə edərək cinayət törətdiyini deyiblər.
Prezidentin fotoşəkilləri “Voici” jurnalı tərəfindən dərc edildikdən sonra EELV üzvü Sandrin Russo Makrona reaksiya verib.
Russo bu fotoşəkillərin Makronun qlobal istiləşməni anlamadığına dair təsəvvürünü təsdiqlədiyini deyib: “Bu, cinayətdir”.
EELV sədri Jülyen Bayu isə “Paris Match” jurnalının Makronun keçən həftə tətili zamanı kanoedən istifadə edərkən çəkilən fotoşəkillərini dərc etməsinin, hökumətin qlobal istiləşmə ilə bağlı passivliyini ictimaiyyətə unutdurmaq məqsədi daşıdığını bildirib.
Sosial şəbəkə istifadəçiləri də Fransa liderini “cinayət törətməkdə" ittiham ediblər.
Makron 2018-2020-ci ilin yayında da tətili zamanı jet-ski istifadə edərkən görüntülənmişdi.