Krımın Saki şəhərindəki aerodromda baş verən partlayışlar zamanı azı 7 Rusiya təyyarəsi məhv edilib. Bu, Rusiya aviasiyasının bir gündə ən böyük itkisi ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Ehtimala görə, məhv edilən döyüş təyyarələri “Su-24” bombardmançıları və “Su-30” çoxfunksiyalı qırıcılardır. Eyni zamanda, partlayışlarda daha iki döyüş təyyarəsinin zədələndiyi bildirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə üç güclü partlayışdan sonra bazadan tüstünün qalxdığı görülüb. Partlayışlar aviabazanın ətrafındakı bitki örtüyünü yandırıb.
Avqustun 9-da işğal olunmuş Krımda Rusiyanın Novofedorivkadakı hərbi aviabazasında silsilə partlayışlar baş verib. Rusiya Müdafiə Nazirliyi partlayışların döyüş sursatının partlaması nəticəsində baş verdiyini iddia edir. Xəsarət alanların olduğu və bir nəfərin öldüyü açıqlanıb.
Partlayışlar nəticəsində azı 9 təyyarənin məhv edildiyi, aerodromun isə sıradan çıxdığı iddia olunur.