“Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr Nəcəf və Qum şiəliyinin ayrılması üçün mübarizə aparır”.
Teleqraf.com xəbər verir ki, bunu İraq Kürdüstan Sosialist Demokrat Partiyasının (KSDP) lideri Məhəmməd Hacı Mahmud deyib.
KSDP lideri İraqda şiə qruplaşmaları arasında hakimiyyət uğrunda mübarizə barədə “Anadolu”ya danışıb.
Şiə dini-siyasi lider Sədrin İrana yaxın “Koordinasiya Çərçivəsi”nin hökumət qurmasına mane olmaq üçün parlamentdən geri çəkilmədiyini söyləyən Hacı Mahmud onun küçələrdə fəallıq yaratmaq və yeni erkən seçkidə 100 yer qazanmaq üçün belə bir addım atdığını deyib.
“Sədrin mübarizəsi şiə mərciliyi üzərindədir. Qənaətimə görə, Sədr Nəcəf və Qum şiəliyinin ayrılması üçün mübarizə aparır”, - KSDP lideri vurğulayıb.
“Koordinasiya Çərçivəsi” arasında da fikir birliyinin olmadığını iddia edən Hacı Mahmud bu koalisiyadakı hər qrupun fərqli baxışa malik olduğunu, ona görə də bu platformanın sadəcə bir addan ibarət olduğunu düşündüyünü bildirib.
“Papa Nəcəfə gələndə Əli əs-Sistanini şiə dünyasının lideri kimi qəbul etdiyi mesajını verdi. Yəni Qum mərciliyini tanımadığına eyham vurdu”, - Hacı Mahmud vurğulayıb.
2021-ci ilin oktyabrında İraqda keçirilən seçkilərdə qalib gələn Sədr iranpərəst partiyalarla hökumət qurmaq istəməyib və daha sonra siyasətdən çəkildiyini açıqlayıb. Sədrdən sonra hökuməti qurmaq missiyası onun rəqibi “Koordinasiya Çərçivəsi”nə keçib. “Koordinasiya Çərçivəsi” iyulun 25-də keçmiş əmək və sosial məsələlər naziri Məhəmməd Şiə Sudanini baş nazirliyə namizəd kimi seçdiyini elan edib.
Sədr tərəfdarları İrana yaxın şiə birliyinin namizədinə etiraz etmək üçün iyulun 30-da parlament binasına hücum edərək oturaq aksiyaya başlayıblar.
Sədr avqustun 3-də televiziya çıxışında İranın dəstəklədiyi siyasi opponentlərinin üzünə dialoq və barışıq qapısını bağlayıb və parlamentin buraxılması və erkən seçkilərin keçirilməsini istəyib.