Bu həftə ABŞ vətəndaş müharibəsinə doğru mühüm addım atdı və bunun necə geri çəkiləcəyi isə bəlli deyil.
Teleqraf.com xəbər verir ki, “Globe and Mail” Federal Təhqiqatlar Bürosunun keçmiş prezident Donald Trampın Mar-a-Laqodakı evində axtarışının Amerika siyasətində ağlasığmaz hallardan biri olduğunu yazıb.
Nəşr hadisənin amerikalıları şoka saldığını, heç kimin FTB-nin Trampın malikanəsində niyə axtarış apardığını dəqiq bilmədiyini qeyd edib.
“İndiki məqamda keçmiş prezidentin həbsxanaya düşəcəyi ehtimalı olduqca böyük görünür”, - qəzet bildirib və vurğulayıb ki, Amerika cəmiyyəti bunun onun üçün hansı təhlükəni yaradacağını bilmir.
Mənbə əlavə edib:
“Əlbəttə başqa ölkələrdə əvvəllər prezidentlər həbsdə olublar. Məsələn, İsrail, Fransa, Cənubi Koreya və s. Amma bu ölkələrin heç birində məhkəmə sistemi indi ABŞ Ali Məhkəməsi qədər legitimlik böhranında olmayıb”.
Nəşr Co Bayden administrasiyasının Ədliyyə Nazirliyindən silah kimi istifadə etdiyini yazıb:
“Bu həftəki reyd yalnız demokratiyanın avtokratiyaya sürüşməsinə mane olan milli institutların məhvinə kömək etdi. ABŞ o həddə çatıb ki, artıq yaxşı seçimləri yoxdur. Ədliyyə Nazirliyi Trampı ittiham etməsə, qanunun aliliyini risk altına qoyur, ittiham etsə, ölkəni riskə atmış olarlar.
Keçmiş prezidentin həbsi fəlakətdir, bəlkə də zəruri fəlakətdir, amma buna baxmayaraq, fəlakətdir”.
“Fox News” isə Trampın malikanəsinə basqın edən FTB-ni “Gestapo” ilə müqayisə edib.