15 Avqust 2022 11:50
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri Pekin-Vaşinqton münasibətlərində gündəm mövzusu olaraq qalır. Nensi Pelosidən sonra başqa konqresmenlər də Tayvana səfər edib. Senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilib.

Təhlilfə qeyd edilib ki, konqresmenlər Tayvan administrasiyasının rəhbərliyi ilə görüşlər keçiriblər:

“Pekin bu səfərlərə Tayvan ətrafında təlimləri artırmaqla, hərbi gəmiləri və təyyarələri ada ətrafına keşik çəkməyə göndərməklə cavab verib. Vaşinqtondan da Pekinin ünvanına xəbərdarlıqlar göndərilib.

ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Bob Menendes Çinin Tayvana mümkün müdaxiləsinin qarşısının alınması üçün təklif irəli sürüb: “ABŞ Tayvana yaxın 4 il ərzində 4.5 milyard dollar həcmində hərbi yardım etsin. Digər tərəfdən, Tayvanı NATO xaricində ABŞ-ın əsas müttəfiqlərindən biri elan edilməsi zəruridir”.

Bunun üçün ABŞ Konqresində qanun layihəsi hazırlanmalıdır.

Pekin Menendes və tərəfdarlarının hazırlıqlarını ABŞ-ın Çinə qarşı növbəti təxribatı kimi qiymətləndirib. Pekin hesab edir ki, Menendesin təklifi reallaşsa, bu, ABŞ-la Çin arasında 1979-cu il razılaşmasına zidd olacaq. Həmin razılaşmaya görə, Vaşinqton Tayvanı Çinin tərkib hissəsi kimi tanıyıb. ABŞ-ın o zamankı prezidenti Cimmi Karter bu qərarı dəstəkləmişdi”.

Mərkəzin analitikləri hesab edirlər ki, buna baxmayaraq, Vaşinqton Tayvan adasının Çinə birləşdirilməsinin əleyhinədir:

“Menendesin təklifləri reallaşsa, bu, faktiki ABŞ-ın Tayvan adasının “müstəqilliyini” tanıması demək olacaq. Menendes ABŞ Konqresində erməni separatizminə dəstəyi ilə də tanınır.

Menendesdən fərqli olaraq, Ağ Ev sahibi Co Bayden Tayvan mövzusunda ehtiyatlıdır. Bayden sələflərinin “Vahid Çin” konsepsiyasından imtina etmək istəmir. Halbuki həm Respublikaçılar, həm də Demokratlar Partiyası ona təzyiqi artıraraq, prezidenti bu konsepsiyadan imtina etməyə çağırırlar.

Konqresmenlər Ukrayna ilə Tayvan arasında paralellər apararaq, Vaşinqtonun Kiyevə verdiyi dəstək qədər Tayvana da dəstəyin verilməsinin tərəfdarıdırlar. Bu o deməkdir ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlaması qədər Çinin də Tayvan adasını ələ keçirməyə çalışacağına inanılır. Konqresin Çinə qarşı yeni qərarı Pekinin Tayvanı ələ keçirmək planını sürətləndirə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər