Keçmiş SSRİ-nin lideri Leonid Brejnevin Almaniya Demokratik Respublikası (ADR) dövlət şurasının sədri Erix Honekkeri öpərkən təsvir olunduğu “Berlin divarı”ndakı qraffitin müəllifi rus əsilli alman rəssam 63 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Art Newspaper Russia” qəzetinin baş redaktoru Milena Orlova məlumat verib.
“Mən ölüm xəbərçisi olmaq istəmirəm. Dima Vrubel vəfat etdi. Yaxınlarına və dostlarına başsağlığı verirəm”, - Orlova bildirib.
Ölümün səbəbi bəlli deyil. İyulun 14-də Feysbuk səhifəsində rəssamın xəstəxanadan çəkilmiş şəkli yayılıb. Rəssamın həyat yoldaşı Viktoriya Timofeyeva Vrubelin ürəyinin zəiflədiyini və onun koronavirusa yoluxduğunu bildirib.
Vrubel 1960-cı ildə Moskvada anadan olub. Moskva Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. SSRİ Rəssamlar İttifaqının üzvü olub.
Vrubelin “Qardaş öpüşü” kimi tanınan qraffiti Almaniyanın yenidən birləşməsinin və “soyuq müharibə”nin bitməsinin simvollarından birinə çevrilmişdi. Son illərdə rəssam Almaniyada yaşayırdı.