16 Avqust 2022 12:00
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya müdafiə naziri Antti Kaykkönen ölkəsinin terroru qətiyyən dəstəkləmədiyini və aidiyyəti qurumların terrorla mübarizə üçün hər gün çalışdığını bildirib.

Teleqraf.com xəbər verir ki, nazir ölkəsinin NATO-ya üzvlük meyarlarına tam uyğun gəldiyini deyib.

Finlandiyanın ilin sonuna kimi NATO-ya tamhüquqlu üzv ola biləcəyini söyləyən Kaykkönen bu prosesin ən qısa vaxtda başa çatması üçün əlindən gələni edəcəyini vurğulayıb.

30 NATO ölkəsindən 23-nün Finlandiyanın üzvlüyünü təsdiq etdiyinə diqqət çəkən Kaykkönen digər 7 ölkənin parlamentinin qərarını gözlədiklərini bildirib.

Türkiyənin 7 ölkə arasında olduğunu deyən nazir Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarını ön plana çəkdiklərini qeyd edib.

“Finlandiyada bunu hamının eşidə biləcəyi yüksək səslə deyə bilərsiniz: Finlandiya terroru dəstəkləmir. Heç bir şəkildə. Hakimiyyət terrorla mübarizə üçün hər gün çalışır və bunu uğurla həyata keçirdiyini söyləmək ədalətli olardı”, - Kaykkönen əlavə edib.

Finlandiya NATO-ya üzvlük prosesi çərçivəsində bu ərazisindəki PKK/YPG terrorçularını Türkiyəyə təhvil verəcəyinə dair öhdəlik götürüb. Bu, Ankara ilə imzalanmış müqavilədə öz əksini tapıb.


Müəllif: Mənsur Rəğbətoğlu