ABŞ-da aparılan bir araşdırma mümkün nüvə müharibəsi zamanı 5 milyarddan çox insanın ölə biləcəyini üzə çıxarıb.
Teleqraf.com xəbər verir ki, Rutgers Universitetinin elm adamları ABŞ və Rusiya arasında müharibə zamanı reallaşa biləcək bütün ssenariləri nəzərdən keçiriblər.
Araşdırmada nüvə müharibəsinin yaratdığı tüstü və hisin Günəşin işığını kəsə və milyardlarla insanı öldürə biləcəyi deyilir.
İddiaya görə, bu halda dünya əhalisinin yarıdan çoxu məhv ola, kiçikmiqyaslı nüvə müharibəsi isə qlobal ərzaq istehsalında bərpaedilməz dağıntılara səbəb ola bilər.
Zaman-zaman gərginliyin yaşandığı Hindistan-Pakistan xəttində baş verə biləcək müharibənin isə 5 ildə qida istehsalını 7 faiz azaldacağı qeyd edilib.
Digər tərəfdən, ABŞ-Rusiya müharibəsində hasilatın 3-4 il arasında 90 faiz azalacağı bildirilib.
Tədqiqata rəhbərlik edən Rutgers Universitetinin professoru Alan Robok deyib: “Bu məlumatlar bizə yalnız bir şeyi deyir: istənilən nüvə müharibəsinin qarşısını almalıyıq”.