16 Avqust 17:35
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün işğal edilmiş Krımın Cankoy rayonu yaxınlığındakı silah-sursat anbarında baş verən güclü partlayışları Ukrayna ordusunun elit bölməsi törədib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” Ukrayna Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazıb.

Məlumata görə, Ukrayna ordusunun elit bölməsi Rusiya qüvvələrinin arxa cəbhəsinə sıza bilib. Amma əməliyyatın təfərrüatı barədə əlavə məlumat verilməyib, bölmənin adı açıqlanmayıb.

Ukrayna tərəfi partlayışlarda iştirakını təsdiqləməyib. Bununla belə, rəsmilər anbarın məhv edilməsinin təsadüfi hadisə olmadığına eyham vurublar.

Bu gün səhər saatlarında Cankoy yaxınlığında silsilə partlayışlar baş verib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, anbarın partlamasından sonra ərazidəki hərbi hissədə yanğın başlayıb. Rusiya partlayışları “təxribat” adlandırıb.

Olaydan sonra Krımda “fövqəladə vəziyyət”in elan edilməsi haqda məlumat yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu