17 Avqust 2022 13:33
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda Sədr Hərəkatı ilə şiə partiyaları arasında yaranan siyasi böhran səbəbindən maliyyə naziri Əli Əbdüləmir Əlləvi istefa verib.

Teleqraf.com xəbər verir ki, İraqda ötən ilin oktyabrında keçirilən seçkilərindən bəri davam edən siyasi böhranın həll olunmaması maliyyə nazirinin də istefasına səbəb olub.

Əli Əbdüləmir Əlləvi Nazirlər Şurasının iclasında siyasi şərtləri əsas gətirərək istefa ərizəsini Baş nazir Mustafa əl-Kazımiyə təqdim edib. Neft naziri Ehsan Abdülcabbarın maliyyə naziri vəzifəsini icra edəcəyi gözlənilir.

Əlləvi milli valyuta dinarın ABŞ dolları qarşısında dəyər itirdiyini bildirərək, İraqın bu ili büdcəsiz keçirməsi durumunda dövlət qulluqçularının maaşlarının verilməsində çətinliklərin yaranacağı ilə bağlı xəbərdarlıq edib. Hələlik 2022-ci ilin büdcə layihəsi İraq parlamentinə təqdim olunmayıb.

Oktyabr seçkilərində qalib gələn və parlamentdə ən çox yer qazanan Sədr Hərəkatı iranyönlü şiə partiyalarla koalisiya hökuməti qurmaqdan imtina edərək, parlamentdən geri çəkilib. Hərəkat lideri Müqtədar əs-Sədr parlamentin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edib.

Hökumətin qurulması üstündə yaranmış siyasi böhran 10 aydır davam edir. Sədrdən sonrakı hökuməti qurmaq missiyasını üzərinə götürən rəqib “Koordinasiya Çərçivəsi” iyulun 25-də keçmiş əmək və sosial işlər naziri Məhəmməd Şiə Sudanini baş nazirliyə namizəd seçdiyini açıqlayıb. Bundan sonra Sədr tərəfdarları Sudaniyə etiraz etmək üçün parlament binasına basqın edərək oturaq aksiyaya başlayıblar. Avqustun 2-də Sədr tərəfdarlarını parlamentdən çıxmağa və aksiyanı bina ətrafında davam etdirməyə çağırıb. Üstəgəl, Sədr iranyönlü siyasi qüvvələrə dialoq qapısını bağladığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər