Çin hərbi gəmiləri və təyyarələri Tayvan ətrafında təlimləri davam etdirdiyi vaxtda və bu adaya görə ABŞ-la münasibətlər gərginləşərkən Pekin “Ağ kitab”ını yayınlayıb. “Ağ kitab” Çinin hər iki ildən bir yayımladığı sənəddir. Bu sənəddə Çinin növbəti illər üçün milli təhlükəsizlik strategiyası bəyan edilir”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.
Təhlildə qeyd edilib ki, yeni sənəddə növbəti dəfə Tayvana Çinlə “bir ölkə, iki sistem” əsasında birləşmək təklif olunur:
“Bu strategiyanın banisi Çinin 1980-ci illərdəki islahatçı lideri Den Syaopindir. Honq Konq da 1990-cı illərin sonunda məhz bu əsasda Çinlə biləşib.
Hazırkı “Ağ kitab”ın “Tayvan məsələsi və yeni dövrdə Çinin yenidən birləşməsi” bölməsində yazılıb ki, Tayvan Çinlə birləşməkdən imtina etsə, problem güc yolu ilə həll oluna bilər. Kitabda bu haqda belə qeyd edilib: “Pekin adanı Çinə birləşdirmək üçün bütün imkanlardan istifadə edəcək. Pekin Tayvanın müstəqilliyinə çalışan separatçı fəaliyyətlərlə heç vaxt barışmayacaq. Çin ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün möhkəm qətiyyət nümayiş etdirməyə hazırdır”.
Kitabda yazılana görə, Pekinin qətiyyətli addımlarından Tayvanda yaşayan dinc sakinlər zərər görməyəcəklər: “Güc yalnız başqa vasitələrə seçim qalmadıqda istifadə ediləcək”.
Bu cümlə bir daha ondan xəbər verir ki, Pekin hərbi gücdən istifadə edəcəyini istisna etmir.
Pekin kitabda “bir ölkə, iki sistem” prinsipini bu şəkildə izah edib: “Biz bildiririk ki, dinc yolla birləşmədən sonra Tayvan mövcud sosial sistemini davam etdirə və qanuna uyğun olaraq yüksək dərəcədə muxtariyyətdən istifadə edə bilər. İki sosial sistem uzun müddət yan-yana inkişaf edəcək. Bir dövlət iki sistemin ilkin şərti və təməlidir; İki sistem bir ölkəyə tabedir və ondan irəli gəlir və ikisi Vahid Çin prinsipi altında birləşir. Birləşdikdən sonra xarici ölkələr Tayvanla iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə davam edə bilərlər. Çinin mərkəzi hökumətinin razılığı ilə Tayvanda konsulluq və ya digər rəsmi və kvazi-rəsmi qurumlar açıla, beynəlxalq təşkilat və agentliklər öz ofislərini yarada, müvafiq beynəlxalq konvensiyalar tətbiq oluna və orada müvafiq beynəlxalq konfranslar keçirilə bilər”.
Məqalədə Tayvanın Çin hökumətinin “Ağ kitab”ını rədd etdiyi vurğulanıb:
“Röyter” agentliyi bu suala cavab tapmaq üçün Tayvanı idarə edənlərə müraciət edib. Onlar həm Pekinin “Ağ kitab”ını, həm də “bir ölkə, iki sistem” prinsipini rədd ediblər. Tayvanı idarə edənlər Honq Konq nümunəsinə istinad ediblər. Honq Konq “bir ölkə, iki sistem” əsasında Çinlə birləşdikdən sonra Pekinin artan təlimatlarını yerinə yetirmək məcburiyyətində qalıb. Bu Honq Konqda küçə yürüşlərinin və etirazların alovlanmasına səbəb olub.
Beləliklə, Pekinin yayımladığı “Ağ kitab” bir daha göstərir ki, Çin gec-tez Tayvan adasını özünə biləşdirəcək. Bu danışıqlar yolu ilə baş verərsə, hamı rahat nəfəs alacaq, yox, əgər hərbi toqquşma ehtimalı artarsa, beynəlxalq vəziyyət gərginləşəcək və dünyada Rusiya-Ukrayna savaşına bənzər durum yaşanacaq”.