Böyük Britaniya Kraliçası II Elizabetin nəvəsinin yeni işi ölkədə ən çox müzakirə olunan mövzudur.
Teleqraf.com xəbər verir ki, şahzadə Edvardın qızı ledi Luiza Vindzor iyun ayından bağçılıq mərkəzində işləyir.
“Daily Mail” qəzeti kraliçanın 18 yaşlı nəvəsinin saatda 6.83 funt-sterlinq qazandığını yazıb. Qəzet bildirib ki, ledi Vindzor universitet təhsilinə başlayana qədər təxminən minimum əmək haqqı ilə işləməyə davam edəcək.
Luiza kassada işləyir, müştəriləri qarşılayıb-yola salır və güllərin qablarını dəyişdirir.
Gənc ledi Endryus Universitetində İngilis dili və ədəbiyyatı fakültəsində oxuyacaq.
Britaniya cəmiyyəti Surreydə Beqşot Parkdakı 30 milyon funt-sterlinqlik malikanədə yaşayan gənc qadının işini və maaşını yüksək qiymətləndirir.
“The Sun” qəzetinin sualını cavablandıran vətəndaşlardan biri deyib:
“İqtisadi böhranın böyük olduğunu bilirdim, amma kraliçanın nəvələrindən birini bağçılıq mərkəzində görəcəyimi heç düşünməzdim”.
Kraliçanın nəvəsi ilə qarşılaşan başqa bir şəxs isə bunları söyləyib: “Ledi Luizanı gördüyümə inana bilmirəm. Əmin olmaq üçün iki dəfə yoxladım. Çox təvazökar və şirin qızdır”.
Başqa bir müştərisi də şahzadədən məmnunluğunu bildirib: “İş yoldaşları də onu bəyənirlər. Siz hər gün kral ailəsindən beqoniya almırsınız”.