Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada PKK-ya qarşı həyata keçirdiyi nöqtə əməliyyatları terror təşkilatı daxilində çaxnaşma yaradıb.
Teleqraf.com xəbər verir ki, yerli mənbələr təşkilatın Türkiyə sərhədindəki gizli tunel şəbəkəsinə zərbə endirildikdən sonra bölgədən bir-birinin ardınca saxlanma xəbərlərinin gəldiyini bildirirlər.
Qeyd olunub ki, təşkilatın 50 üzvü Suriya müxalifəti ilə işbirliyinə görə həbs edilib. Qamışlı, Amudə və Dərbasiyədə tunel tikintisində çalışan 30 terrorçu və 20 işçi həbs olunub. Həbs olunanlar müxaliflərə tunel şəbəkəsi haqqında məlumat verməkdə ittiham olunurlar.
PKK-nın Türkiyəyə hücumu üçün istifadə etdiyi kənd də terror təşkilatına qarşı etiraza qalxıb.
Terror təşkilatı Dərbasiyə səhrasında yerləşən Cətal kəndindən istifadə edərək Türkiyə Silahlı Qüvvələrinə hücum edirdi. Amma Türkiyə Silahlı Qüvvələri bölgədəki terror nöqtələrini darmadağın edib. Türkiyənin mövqelərinə hücumdan sonra kənd camaatı etiraz üçün ayağa qalxıb. Bölgə sakinləri “Türk ordusuna hücum edərək bizi də hədəfə gətirə bilərsiniz” deyərək PKK/YPG-yə qarşı silaha sarılaraq terrorçuları kənddən qovub. PKK/YPG ünsürləri kəndi tərk etməli olub. Bölgədə gərginlik davam edir.
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir. Suriyada terrordan təmizlənmiş bölgələrdə daha 16 terrorçu məhv edilib. Türkiyə Müdafiə Nazirliyi “Sülh Çeşməsi” əməliyyatı bölgəsinə hücuma hazırlaşan 9, “Fərat Qalxanı” əməliyyatı zonasında isə 7 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.