“Ukraynada taktiki döyüşlər davam edir. Müqavimətlə üzləşən Rusiyanın Donbası tam ələ keçirmək planı alınmır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya-Ukrayna müharibəsindəki son gəlişmələrə diqqət çəkib:
“Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynaya qarşı başlatdıqları müharibəni növbəti dəfə belə izah edib: “Ukrayna rejimi Donbas əhalisinə təhlükə yaradır və NATO-ya üzvlüyü hədəf götürmüşdü. Bu ikisi Rusiyanın təhlükəsizliyi üçün ciddi təhdid yaradırdı”.
Şoyqu Prezident Vladimir Putinin sözlərini təkrarlayıb. Putin də hər dəfə deyir ki, Ukraynaya qarşı “xüsusi əməliyyat” Donbas əhalisini “soyqırımı”ndan qorumaq məqsədilə başladılıb.
Hesab edirəm ki, bunlar hamısı bəhanədir. Kiyev Krımın ilhaqına qarşı bir şey edə bilmədi, yarımadanı geri qaytarmaq ideyası səslənsə də, bunun reallaşdırılmasıyla bağlı tərəddüdlər var idi. Digər tərəfdən, Ukrayna Prezidenti Vladimir Zelenski Donbas separatçılarını tərksilah etmək üçün hücum əməliyyatına hazırlaşmırdı. Çünki bilirdi ki, bu, Rusiyaya işğala başlamaq üçün bəhanə olacaq. Ukraynadan əvvəl Baltik ölkələri NATO-ya üzv olmaq hədəflərini qarşılarına məqsəd qoymuşdular və bu dövlətlərdə də Ukraynada olduğu kimi rusdilli əhali yaşayır. Bəs onda Rusiya niyə bu ölkələrə müdaxilə etmədi? Sadəcə olaraq, Baltik ölkələri Kreml üçün maraqlı deyildi, Ukraynasız isə Rusiyanın imperiya xəyalları yox olacaqdı, müdaxilə əmri məhz buna görə verildi”.
Ukraynada taktiki döyüşlərin davam etdiyini deyən Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya irəliləyə bilmir, Donbasın tamailə işğal etmək planı alınmır:
“Rusiya müqavimətlə üzləşib. Rusiya ordusu Xarkov istiqamətində də səylərini artıra bilmir, yalnız şəhəri bombalayır. Xersonda da eyni vəziyyətdir. Rusiya Xerson istiqamətində Ukrayna ordusunun əks-hücumlarına hazırlaşır, bu səbəbdən qüvvələrin əsas hissəsini cənubda cəmləşdirib. Ancaq Ukrayna ordusu da böyük qüvvə ilə əks-hücuma keçmir, Rusiyanın arxa cəbhəsindəki cəbbəəxanaları və logistik mərkəzlərinə zərbələr endirir. Bu zərbələr və texnika itkisi Rusiya ordusunun hücum əməliyyatlarını daha da yavaşladır. Bu səbəbdən tərəflər mövqelərini qorumaq məqsədilə müdafiə xarakterli döyüşlər apararırlar.
Döyüş meydanında uğur qazanmaq istəyən hücum və ya əks-hücuma başlamalıdır, ancaq bu da artan itki demək olacaq. Ona görə də tərəflər itkilərini artırmamaq üçün riskə getmirlər. Müharibə rutin xarakter alıb”.