20 Avqust 2022 21:24
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avqustun 1-dən taxıl daşınması üçün ümumilikdə 51 gəmi yola düşüb, onlardan 27-si Ukrayna limanlarından yola düşüb. 24 gəmi taxıl daşınması üçün Ukrayna limanlarına daxil olub. İndiyədək Ukrayna limanlarından 656 min 349 ton taxıl daşınması həyata keçirilib. Bu rəqəmin daha da artacağını gözləyirik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşlə birgə təşkil olunan mətbuat konfransında deyib.

Qeyd edək ki, Antonio Quterreş hazırda Türkiyədə səfərdədir və o Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Akar qeyd edib ki, BMT-nin himayəsi və Türkiyənin ev sahibliyi etdiyi bu mərkəzdə nümayəndələrin sayı tədricən artırılır. Hazırda burada Türkiyədən 14, Rusiyadan 22, Ukraynadan 12 və BMT-dən 23 nəfər olmaqla, ümumilikdə 71 nümayəndə fəaliyyət göstərir. Digər mühüm məqam isə mərkəzdə heç bir hərbi fəaliyyətin olmamasıdır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər