21 Avqust 2022 14:12
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı yeni əməliyyata başlayacağı uzun müddətdir gündəmdədir. Mümkün əməliyyatın bölgədə hərbi fəallığı artırdığı vaxtda PKK/YPG liderlərinin Qərb mediasına verdiyi açıqlamalar terror təşkilatı daxilində çaxnaşma yaşandığını bütün çılpaqlığı ilə ortaya qoyur.

Teleqraf.com xəbər verir ki, PKK-nın Suriyadakı uzantısı PYD-nin lideri Saleh Müslüm Türkiyənin mümkün Suriya əməliyyatı öncəsi “Al Monitor”a verdiyi açıqlamada ABŞ və Rusiyanın Ankaraya münasibətini tənqid edərək, təşkilatın qəzəbli olduğunu və xəyanətə uğradığını deyib.

YPG-dən verilən açıqlamada isə Rusiyanın Türkiyənin əməliyyatına “yaşıl işıq” yandırdığını, son zamanlar dron hücumlarının artmasının da bunun göstəricisi olduğunu bildirib.

Suriyanın rəsmi xəbər agentliyi SANA Türkiyənin əməliyyat hazırlığını sürətləndirdiyini iddia edib. Agentlik türk hərbçilərinin səsgücləndiricilər vasitəsilə Hələbin Serablus şəhəri yaxınlığındakı insanlara əməliyyata hazırlıq səbəbilə evlərini tərk etməməyə çağırdıqlarını vurğulayıb.

Yerli mənbələr sərhədə yaxın ərazilərdə çoxlu sayda türk PUA-larının göründüyünü, Türkiyə qüvvələrinin Həsəkə, Raqqa və Hələbin sərhəd bölgələrinə sürətlə yerləşdirildiyini deyirlər.

Prezident Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda verdiyi açıqlamada “Teror təşkilatının Suriyada yuva qurduğu son əraziləri də təmizləyərək təhlükəsizlik kəmərinin halqalarını yaxın zamanda birləşdirəcəyik” demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu