Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən bir neçə gün əvvəl Çin lideri Si Cinpin ABŞ Prezidenti Co Baydendən bundan yayınmağın yolunu tapmasını istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Ağ Evdəki mənbənin nəşrə dediyinə görə, Cinpin bunu iyulun 28-də Baydendən istəyib. Onun müraciəti Çin rəsmilərinin Pelosinin səfərinə cavab olaraq nə edə biləcəkləri ilə bağlı çoxsaylı xəbərdarlıqlarından sonra edilib. Amma Bayden Cinpinə Pelosini buna məcbur edə bilməyəcəyini söyləyib və bildirib ki, Konqres hökumətin müstəqil qoludur və bu qurumun digər üzvləri kimi Pelosinin də xarici səfərlərlə bağlı öz qərarları var.
Bununla belə, Ağ Evdəki mənbə Pelosinin müstəqil qərar vermək hüququnun olmasına baxmayaraq, ABŞ rəhbərliyinin bu səfərdən çox narahat olduqlarını iddia edib. ABŞ rəsmiləri həmçinin Pelosinin səfərinin vaxtı ilə bağlı narahat olublar. Çünki bu, Çin liderinin üçüncü müddətə hakimiyyətini təmin etmək cəhdinin başlaması ilə üst-üstə düşüb. Amerika rəsmilər məhz bu səbəbdən səfərin geosiyasi nəticələrinin ola biləcəyindən çəkiniblər.
Pentaqonun, ABŞ-ın Hind-Sakit Okean Komandanlığının və Ağ Evin milli təhlükəsizlik rəsmilərinin xəbərdarlıqlarına, eləcə də Çindən Tayvan ətrafındakı sulara və adaya raket hücumları ehtimalının yüksək olmasına baxmayaraq, Pelosi səfərini reallaşdırıb.
Ağ Ev rəsmilərinin arqumentləri Pelosini razı salmayıb. Tayvan rəsmiləri də öz növbəsində Pelosinin səfərini səbirsizliklə gözlədiklərini açıqlayıblar və onu atəşfəşanlıqla qarşılayıblar.
Çin rəsmiləri Pelosinin səfərini görülməmiş təxribat hesab etdiklərini və bunu ABŞ-ın “Vahid Çin” siyasətini pozmaq cəhdi hesab etdiklərini bildirirlər.
Ekspertlərə görə, Baydenin Pelosinin bu səfərini istəmədiyi məlumatı yayılsa, bu, onu və ABŞ-ı Çin qarşısında zəif vəziyyətdə qoya bilər. Baydenin özü də jurnalistlərə təsadüfən demişdi ki, hərbi komandanlıq bu səfərin yaxşı fikir olduğunu düşünmür.