“Blumberq” agentliyinin məqaləsində ABŞ-ın Türkiyənin Rusiyaya sanksiyalardan yayınmasına kömək edib-etməyəcəyi ilə bağlı narahatlığına yer verilib.
Teleqraf.com xəbər verir ki, məqalədə məsələ ilə əlaqədar ABŞ və Türkiyə arasındakı telefon danışığına da toxunulub.
ABŞ-ın Xəzinə Nazirliyindən ötən həftə baş tutan telefon danışığı ilə bağlı verilən açıqlamaya görə, Türkiyə Maliyyə Nazirliyi heç bir şəxs və ya qurumun Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmasına icazə verməyəcəyinə söz verib. Nazir müavini Yunus Elitaş amerikalı həmkarı Uolli Adeyemoya Türkiyənin sanksiyalarla bağlı mövqeyinin dəyişmədiyini bildirib.
“Blumberq” iddia edir ki, Türkiyə Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxsa və Kiyevin müharibə səylərinə kömək etmək üçün pilotsuz təyyarələr göndərsə də, Qərbin təbii qaz və xam neftin əsas təchizatçısı olan Moskvaya tətbiq etdiyi sanksiyalarda iştirakdan yayınır:
“Ötən həftə baş tutan telefon danışığında Adeyemo ABŞ və digər 30 ölkənin Rusiya qurumları və şəxslərinin Türkiyədən sanksiyalardan yayınmaq üçün istifadə etməyə çalışması ilə bağlı narahatlığını çatdırıb”.