Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə sentyabrda Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə hazırlığı müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Telefon danışığında Rusiya-Özbəkistan əməkdaşlığının gələcək inkişafı məsələləri, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Səmərqənddə keçiriləcək sammitinə hazırlıqla bağlı müzakirə aparılıb.
İki prezident arasında bundan əvvəlki söhbət ötən həftə baş tutub. Putin və Mirziyoyev ŞƏT sammitinə hazırlığı müzakirə ediblər. Bundan əlavə, Putin və Mirziyoyev iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin daha da inkişaf etdirilməsi məsələlərinə toxunublar.
ŞƏT-in sammitinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq. Türkiyə liderini sammitə Putin dəvət edib.
2001-ci ildə yaradılan Şanxay Əməkdaşlıq Təşkilatının hazırkı üzvləri Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan və Özbəkistandır. Müşahidəçi ölkələr isə Əfqanıstan, Belarus, İran və Monqolustandır. Azərbaycanın da yer aldığı tərəfdaş ölkələrə Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka daxildir.
Sentyabrda Səmərqənddə keçiriləcək ŞƏT sammitində İranın qəbul prosedurunun başa çatdırılacağı və Misir, Qətər və Səudiyyə Ərəbistanına dialoq üzrə tərəfdaş statusunun veriləcəyi gözlənilir. Belarusun ŞƏT-ə tamhüquqlu üzv kimi daxil olmaq üçün müraciəti də araşdırılır.