İsveç Baş naziri Maqdalena Andersson sentyabrın 11-də keçiriləcək seçkilərdən sonra PKK terror təşkilatına dəstək aksiyası keçirən Sol Partiya ilə ortaq olmağı planlaşdırmadıqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, hökumət başçısı sözügedən partiyanın PKK-ya dəstəyinin qəbuledilməz olduğunu deyib.
“Hələlik terror təşkilatı kimi tanınan PKK-nın bayraqlarını dalğalandıran Sol Partiya ilə ortaq olmağı düşünmürük. PKK bayrağını dalğalandırmaq hökumətin xeyrinə deyil”, - Andersson qeyd edib.
Sol Partiyanın deputatları Daniel Riazat, Momodu Malkom Yallo və Lorena Delqado Varas iyulun 7-də Visbi şəhərində YPG/PKK terror təşkilatını simvolizə edən əski parçaları ilə şəkil çəkdirərək sosial şəbəkədə paylaşıblar. Bundan sonra Andersson bu davranışlarına görə Sol Partiyanın millət vəkillərini qınayıb.